Yeni borcalma qaydası bizlərə nə verəcək? - OPERATİV ŞƏRH
İqtisadiyyat | 29.12.2016 18:34
74

Yeni borcalma qaydası bizlərə nə verəcək? - OPERATİV ŞƏRH

Azərbaycanda dövlətə məxsus olan hüquqi şəxsin borc almasına razılıq verilməsi onun borcalma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi qəbul edilə bilməz.

Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, iştirak payının və yaxud səhmlərinin 51%-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan banklar, bank olmayan kredit təşkilatları və sığorta şirkətləri istisna olmaqla, digər dövlətə məxsus hüquqi şəxslərin dövlət zəmanəti ilə borc alması “Dövlət borcu haqqında” qanun və Prezidentin “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” 13 fevral 2006-cı il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.

Qaydada qeyd olunur ki, dövlətə məxsus olan hüquqi şəxslər hər il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləği barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etməli, nazirlik 30 gün ərzində bununla bağlı müraciətləri təhlil etməlidir. Borcalmaların ümumi məbləğinin ölkənin növbəti il üzrə proqnozlaşdırılan makroiqtisadi və digər maliyyə, borc dayanıqlığı göstəricilərinə, o cümlədən ÜDM-ə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, valyuta məzənnəsi nəzərə alınaraq, borcalmanın yuxarı həddinə dair təkliflər hazırlanmalı, borcalmanın yuxarı həddində nəzərə alınan investisiya layihələri İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim edilməlidir.

Nazirlər Kabineti isə ölkə Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-nə qədər növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini, milli valyuta ilə müəyyən etməlidir. Maliyyə Nazirliyi hər il yanvarın 30-na qədər dövlətə məxsus olan hüquqi şəxslərin əvvəlki il üzrə borcalmaları və borcalmanın yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə məlumatları Nazirlər Kabinetinə təqdim etməlidir.

Borcların qaytarılması dövlətin üzərində qalanda bu dolayısı ilə əhaliyə də təsir edir”

Fərmanı şərh edən millət vəkili Vahid Əhmədov bildirdi ki, dövlətə məxsus olan hüquqi şəxslər borcların qaytarılmasında çətinlik çəkirlər:

“Faktiki alınan borcların qaytarılması dövlətin üzərində qalır. Hazırda 10 milyard manata yaxın zəmanətlə alınan kredit var. Hesab edirəm, dövlət zamanəti o təşkilatlara verilməlidir ki, onların reallaşdırdığı layihələr tarixi əhəmiyyət daşısın. Məsələn, TANAP kimi layihələrə dövlət zamanəti ilə borc alına bilər. Başqa layihələr üzrə kredit alınması üçün təşkilatlar işləməlidirlər. İnvestorlar Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar”.

Millət vəkili deyir ki, borcların qaytarılması dövlətin üzərində qalanda bu dolayısı ilə əhaliyə də təsir edir:

“Söhbət əməkhaqqı, pensiya ödənişlərindən gedir. Hər il xarici borcların qaytarılmasına dövlət büdcəsindən vəsait nəzərdə tutulur”.

O ki qaldı borcların alınmasının nəzarətə götürülməsinə, millət vəkili deyir ki, xarici borclarla bağlı məsələ get-gedə qəlizləşir:

“Borc alırlar, sonra da dövlətin üzərində qalır. Hesablama Palatası hər il büdcə ilə bağlı rəyini açıqlayanda bu məsələni qabardır. Maliyyə Nazirliyi də bununla bağlı iş aparır”.

Büdcədən xarici borcların qaytarılmasına ayrılan ödənişlər

2017-ci ildə büdcənin borca xidmət xərclərindən 96%-i xarici borcların qaytarılması ilə bağlıdır. Belə ki, gələn il dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 mlrd. dollar proqnozlaşdırılıb. Bu ölkənin səhiyyə büdcəsindən 2.1 dəfə çoxdur. Konkretləşdirsək, 2017-ci ildə büdcədən xarici borcların ödənişinə 1.707.636.323,0 manat nəzərdə tutulub. Bunun 369.397.315,0 manatı faizlər, 1.338.239.008,0 manatı əsas borc üzrə ödənişlərdir. Qeyd edək ki, 2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85%-i xarici borc ödənişləri ilə bağlı idi. Cari ildə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1249,7 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2015-ci illə müqayisədə 473,5 milyon manat, yaxud 61,0 faiz çoxdur. Borcların ödənişinə ayırlan vəsaitin artımı dövlət mülkiyyətində olan bəzi Səhmdar Cəmiyyətlərinin (Azəralüminium ASC, “Azerneji” ASC, Azərbaycan Hava Yolları QSC) borclarının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı idi.

Dövlət qurumlarının xarici borcları başlarına bəladır

Çox uzaq deyil, dekabrın əvvəlində “Fitch” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin uzunmüddətli defolt reytinqini "BB+", qısamüddətli defolt reytinqini "B", reytinq üzrə proqnozu isə "neqativ" kimi təsdiqləyib. Agentlik “Azərenerji” ASC-nin reytinqini bu səviyyədə təsdiq etməsini şirkətin Azərbaycan hökuməti tərəfindən hüquqi, strateji və əməliyyat dəstəyi ilə əlaqələndirdi. Belə ki, “Fitch”in Azərbaycana verdiyi kredit reytinqi də “BB+”dur və proqnozu “neqativ”dir. Hesabatda bildirilirdi ki, 2015-ci ilin sonuna şirkətin faiz borcları istisna olmaqla, vaxtı keçmiş borclarının 91%-nə dövlət tərəfindən zəmanət verilib. Borcların 8,5%-lik hissəsinə isə Maliyyə Nazirliyi zəmanətlidir. Agentlik, həmçinin qeyd edirdi ki, “Azərenerji”yə verilən “neqativ” proqnoz Azərbaycanın müstəqil reytinqinin proqnozunu əks etdirir.

“Fitch”in ekspertləri hesab edirdilər ki, “Azərenerji”nin dayanıqsız maliyyə vəziyyəti nəzərə alınaraq, şirkətin hər hansı bir planlaşdırılmamış yeni borcu üçün dövlətdən zəmanət alacağı gözlənilir. Şirkətin dövlət zəmanətli borcları dövlət borclarına aid edilir və bu öhdəliklərin təmin edilməsi üçün hökumət yetərli səviyyədə maliyyə ehtiyatlarına sahibdir.

Agentlik “Azərenerji”nin yaxın perspektivdə özəlləşdirilməsi ilə bağlı planın olmadığını nəzərə alaraq, 2016-2018-ci illərdə şirkətdə hökumət zəmanətli borc payının sabit qalacağını ehtimal edir. “Fitch”in hesabatına əsasən, 2015-ci ildə imzalanan sərəncamla dövlət 2016-2025-ci illərdə şirkətin xarici borclarını ödəmək üçün ona 172 mln. ABŞ dolları və 204 mln. avro həcmində borc verəcək.

Xarici dövlət borcu nə qədərdir?

Maliyyə Nazirliyindən aldığımız məlumata görə, bu il oktyabrın 1-də Azərbaycanın xarici borcu 7 milyard 650.7 milyon ABŞ dolları (12 milyard 402.6 milyon manat) olub. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 20.1 faiz təşkil edib. Bu, aprelin 1-nə olan rəqəmdən 202 milyon dollar çoxdur.

Borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəlikləri daxil edilib. Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından alınan kreditlər hesabına yaranıb. Büdcəni çıxılmaz vəziyyətdə qoyan isə Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları”, “Azərenerji”, “Azəralüminium”, “Beynəlxalq Bank” olub. Götürülən vəsaitlərin 60 faizi dollarla, 20 faizdən bir az artığı isə avro ilədir.

Yeri gəlmişkən, müqayisələr göstərir ki, Azərbaycan MDB respublikaları arasında da ən az xarici borcu olan ölkələrdən biridir. Üstəlik xarici borcun ÜDM-dəki payı cəmi 12 faiz təşkil edir ki, bu da hökumətə gəlirlərin azaldığı bir vaxtda xarici kreditlərdən istifadə etmək üçün yaxşı imkanlar açır.

Xarici borc göstəricilərində əsas amillərdən biri borcun ÜDM-dəki payıdır. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin qiymətləndirmələrinə görə, xarici borcların ÜDM-dəki payı 30 faizə qədərdisə, bu, aşağı risk dərəcəsi hesab edilir. ÜDM-in 40 faizi həcmində borc orta risk dərəcəsidir. Bundan yuxarısı isə yüksək risk dərəcəsi hesab edilir. Başqa sözlə, Azərbaycan xarici borclar baxımından heç aşağı risk dərəcəsinə də malik deyil.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?