"3 aylıq olmuşam, atam məni daşlıqda atıb gedirmiş..." - Almas İldırımın oğlu - FOTOLAR
Mədəniyyət | 27.12.2016 13:26
375

"3 aylıq olmuşam, atam məni daşlıqda atıb gedirmiş..." - Almas İldırımın oğlu - FOTOLAR

Brifinq.az AzVision.az-a istinadən Azərbaycanın Vətən həsrətilə yazıb-yaradan mühacir şairi Almas İldırımın Türkiyədə yaşayan böyük oğlu Azər Almasın müsahibəsini təqdim edir. Ömrünün böyük hissəsini sürgündə keçirən, olmazın işgənclərə məruz qalan Almas İldırım, yazdığı şeirlərilə hər zaman Azərbaycan milli azadlıq mücadiləsinə xidmət edib. Cəmi 45 il yaşayan şair milliyətçi və istiqlalçı ruhda yazdığı məşhur şeirlərilə yanaşı, çox ağır həyatı ilə də fərqlənib.

Almas İldırımın böyük oğlu Azər Almas danışır:

- Mən 3 ay 19 günlük olan zaman ata-anamın qucağında Türkiyənin Elazığ bölgəsinə gəlmişik. 1940-cı ildə orada birinci sinfə getmişəm. Daha sonra gimnaziyada təhsil aldım. Həmin vaxt atamın böyrəkləri ilə bağlı narahatlığı vardı. Çətinliklə də olsa, atam məni Ankara Universitetinə imtahan verməyə apardı. Siyasi biliklər fakültəsinə daxil oldum. 

Amma geri qayıdanda 1952-cü ilin 14 yanvarında tarixində atam vəfat etdi. Ona görə də mən təhsil almağa gedə bilmədim. Çünki anam və 4 qardaşım ortada qaldıq. Atam elə bir insan idi ki, onun bir çöpü belə yox idi. Malatyada Şekik han deyə bir vali vardı, atamız Almas İldırımı çox sevərdi. O, bizi axıra oxşayan bir evə yerləşdirdi. Ac qalmamaq üçün bizə iş də verdi. Qapsının ağızına bir stol qoydu. Mənə dedi ki, sən burada otur və giriş-çıxışlara nəzarət elə. Əvəzində mənə iki lirə verirdi. Atamdan bizə 800 lirə borc da qalmışdı. Onu da işləyib ödədim. 



Bir gün mənim təhsil aldığım gimnaziyanın müdiri valinin yanına gələndə, məni gördü. Dedi ki, Azər, sən burda nə edirsən? Ona işlədiyimi söylədim. Sonra müəllimim valinin otağına daxil olub və ondan soruşub ki, Azər burda nə edir? Vali deyib ki, işləyib, pul qazanır. Gimnaziyanın müdiri daha sonra valiyə deyib ki, Azər məktəbi birincilikə bitirib, məndən 10 qat artıq savadlıdır. Belə olmaz. Ona yardım etmək lazımdır. 

Müəllimim gedəndən sonra Vali məni yanına çağırdı. Dedi ki, 3 qardaşın və anan mənə əmanətdir. Mən sənin cibinə 10 lirə qoyacağam. Sən də gedib İstanbulda ən yüksək Universitetə daxil olursan. Daha sonra mən ailəni də yanına göndərəcəyəm. Əgər universitetə daxil ola bilməsən geri - yanımıza qayıt. 

Beləliklə, mən valinin verdiyi qəpik-quruşla İstanbula getdim. Söhbət 1953-cü ildən gedir. O zamanlar İstanbul Texniki Universitetinə imtahanla daxil olurdular. Cəmi beş fakültə vardı. Bizim mədənçilik fakültəsi yeni açılmışdı. 

Beynimidə həmişə atamın fikirləri dolaşırdı. O, deyərdi ki, oğlum sən mütləq gələcəkdə neft mühəndisi olmalısan. Mütləq Bakıya gedib, Azərbaycana xidmət etməlisən. Ona görə də mən Mədənçilik fakültəsini yazdım və indiyə qədər də ən yüksək bilik göstəricisi ilə o fakültəyə daxil oldum. 

Yatmağa yerim yox idi. Məzunlar cəmiyyəti mənə yataq verdi. Pilləkənlərin altında yatırdım. Vali 6-7 ay sonra anamı, qardaşlarımı da qatara mindirib, İstanbula, yanıma göndərdi. Mədənlərin araşdırılması fakültəsinin bursunu qazandım. Həmin pulla ailəmi də saxladım. Bir il sonra yenidən burs qazandım. Məni Alamaniyaya göndərdilər. Bir neçə il Almaniyada təhsil aldıqdan sonra Türkiyəyə qayıtdım və diplomumu aldım. İki il də magistraturada oxudum. Bir az da müəllim kimi çalışdım. Nə isə, yoxsulluqlar içərisində birtəhər böyüdük. 



1961-ci ildən bəri Türkiyənin müxtəlif dağlarında mədənçilik işləri gördüm. 2001-ci ilə qədər işlədim. İndi isə pensiya alıram. İki oğlum var. Böyük oğlum İldırım Rutil Almas Bakıdakı xarici neft şirkətlərindən birində çalışır. Atamın xəyalını mən yox, o həyata keçirdi. İkinci oğlum Səlcuk Almas da Türkiyədədir. Dərman satışı ilə bağlı şirkət qurub. 

Mən Almaniyadan Türkiyəyə təzə qayıtmışdım. O vaxtlar burada Rusiyadan qaçıb gələnlərlə bağlı bir düşərgə vardı. Həyat yoldaşımla ilk dəfə orada tanış olmuşam. Onun anası naxçıvanlıdır, məşhur nəsildəndirlər. Özü isə Ankarada doğulub. Adı Katerinadır. 1967-ci ildə onunla ailə həyatı qurdum.

1990-ci ilə qədər bizim Azərbaycanla heç bir əlaqəmiz olmadı. Elə bil, araya dəmir pərdə çəkilmişdi.

- Atanız Almas İldırımın Vətəndən uzaqda, sürgündə keçən illərini necə xatırlayırsınız? 

- Atamı öncə Bakıdan Dağıstana sürgün etdilər. Daha sonra deyiblər ki, bu adam ağıllanmadığına görə Aşqabada sürgün edək. Atam müəllim idi. Aşqabadda zəngin bir ailənin qızı olan anamla ailə həyatı qurub. Bir gün Əhməd Cavad Aşqabada xəbər göndərir ki, səni gəlib orada tutacaqlar, tez Aşqabadı tərk et. Həmin vaxt 3 aylıq olan məni də qucaqlarına alıb, qatırlara minib, kürdlərlə birlikdə İrana gediblər. 

Amma atam yolda yaman şübələnir, fikirləşir ki, yanında olan adamlar bizi satacaqlar. Həmin adamlardan uzaqlaşıblar. Üç-beş gün getdikdən sonra atamgil taqətdən düşüb. Anamın sinəsi yara olmuşdu, ağlayıb, səsimi çıxarmayım deyə, ağızımı sinəsi ilə bağlayırdı. Ayaqları yalın olub. Atam deyib ki, uşağı, yəni məni bu daşlardan birinin yanında qoyub gedək, kimsə tapıb saxlaylar. Bizi isə necə olsa da, tapıb öldürəcəklər. Əsas uşaq sağ qalsın. Məni daşın yanına qoyub, uzaqlaşıblar. Bu vaxt mən yüksək səslə ağlamağa başlamışam. Atam deyib ki, mən uşağı burda qoya bilmərəm, götürək, eybi yox, mən ölsəm, o da ölər. Bir gün sonra isə İran tərəfinə təslim olublar. Öncə atamı casus biliblər, sinəsinə qədər soyuq suyun içinə salıblar. İki gün orada qalıb. Deyiblər, etiraf elə ki, sən casussan. Atam da deyib ki, mən casus deyiləm, mən oradan qaçıram. Çox çətin günlər keçiriblər. Ac qalıblar. Atam həmin vaxtdan böyrək xəstəliyinə tutulub. 



Hətta 1940-cı illərdə atama çoxlu təhdidlər gəlirdi. Amma o, heç vaxt geri çəkilmədi. Elazğın dağına, daşına “Azərbaycan” yazırdı. Elazığda Gölcük adlı bir göl vardı. Atam daha sonra Mustafa Kamal Atatürkə məktub yazdı və gölün adını dəyişib, Xəzər qoydular. Elazığda “Xan köyü” adlı bir kənd vardı. Oranın da adını dəyişdirib, Xankəndi qoydurdu. Həmişə Azərbaycanı düşünürdü. Ona görə də Türkiyədə atamı sevib, hörmət edirdilər. Bizim indi Türkiyədə həm Xankəndimiz, həm də Xəzərimiz var. 

Atamın danışdığını, güldüyünü heç vaxt görmədim. O, susmuş, heykəl kimi bir adam idi. Ailəsinə qarşı da elə idi. Daimi gözlərini bir yerə zilləyib, nəsə fikirləşərdi. Dayanmadan əlindəki qələmlə şeirlər yazardı. Heç vaxt atamızın gülüb, başımızı oxşadığını görmədik. 

- Atanızın son günlərini necə xatırlayırsınız? 

- Mən gimnaziyanı bitirdikdən sonra atam artıq yatağa düşdü. Atamın əlacı adi bir “pensillin”də imiş. Olsa, atam sağ qalacaqdı. Bir ay xəstə yatdı, qanında laxtalanma vardı. Çünki hər iki böyrəyi də işləmirdi. Mənim isə həmin vaxt 17 yaşım olardı. 14 yanvar tarxində atam yataqdaca canını tapşırdı. Biz ağlaşırdıq. Həkimlər gəldi. Amma artıq gec idi. Atamız vəfat etmişdi. 

- Azərbaycanla əlaqələriniz necə yarandı?

- 1990-cı il idi. Bir axşam xanımla İstanbulda evdə otururduq. Telefona zəng gəldi. Cavab verdik. Dedi ki, mən Azərbaycandan gəlirəm, Zeynəb Xanlarovanının musiqiçisiyəm, İstanbulda konsert verəcəyik. Sizə bir məktub gətirmişik. Məktub indi Şüvəlanda yaşayan əmim oğlu Hacıağa Almaszadədən gəlmişdi. Onlar məni İstanbuldakı Mədən Mühəndisləri Mərkəzinin vasitəsilə tapmışdılar. Biz çox təəcübləndik. Daha sonra bir-birimizi qonaq dəvət etdik. Məlum oldu ki, mənim Mərdəkan-Şüvəlanda 20-yə yaxın qohumum, əmim oğlu, əmim qızıları var.


Azər Almas və oğlu Səlcuk Almas

- Atanız “Əsir Azərbaycan” şeirində yazır: “Azərbaycan, mənim bəxtsiz anam, oy!” Sizcə, Qarabağın “qara bəxti” nə zaman açılacaq?

- Qarabağ siyasətin aləti oldu. Ermənilər cürbəcür yalanlar söyləyirlər. Ona görə də, siyasəti sevmirəm. Latınca “Poli” çox, “tika” isə üz deməkdir. Yəni politika - “çoxüzlülük” deməkdir. Heç vaxt siyasətlə məşğul olmamışam. Amma Azərbaycana qarşı ermənilər çox böyük pisliklər ediblər. Xocalı soyqrımının anım günlərində mən yas tuturam.

- Azərbaycan gəlib, burada yaşamaq istəyirsinizmi? Azərbaycana tez-tezmi gəlirsiniz?

- Azərbaycana viza ilə gəlirəm. “Almas İldırımın oğluyam” deməklə bir şey dəyişmir. Azərbaycan Hava Limanında məni hər kəs tanıyır. Hamı ətrafıma toplaşır. Bir dəfə Hava Limanında işləyən gənclər əlimdəki çamadanımı açmağımı istədilər. Baxdılar, dedilər ki, kimsiniz? Dedim ki, mən Almas İldırımın oğluyam. Həmin dəqiqə dedilər ki, bəs niyə öncədən söyləmədiniz, yoxsa çamadanınızı açdırmazdıq. Dedim ki, övladım, niyə açmırsınız? Elə həmin dəqiqə məndən üç addım aralıda dayanan bir nəfər uca səslə dedi ki, “Kimsə bilməz Tanrı dağın yaşını, Duman almış Altayların başını”. Atamın “Qara dastan” adlı şeirini səsləndirdi. Gəlib boynumu qucaqladı, dedi ki, “Qoca Türkün düşüdüyü hal yaman oy...” Atamın bu şeiri çox məşhurdur. 

- Ailədə atanızın yolunu davam etdirib, şeirlər yazan varmı?

- Araz adlı kiçik qardaşım vardı, əmimoğlu Hacıağa Almaszadə onu Şüvəlana apardı. Qardaşım xəstələndi, dünyasını dəyişdi. Elə Azərbaycanda da dəfn elədik. Onun Azərbaycanda şeirlər kitabı çıxdı. Mənim də şeirlərim var. Universitet illərində də çoxlu şeirlər yazmışam.


Almas İldırımın oğlu Odkan Almas

- Atanızla bağlı heç vaxt unuda bilməyəcəyiniz bir xatirəni bölüşərsinizmi?

- O zaman başçılara araba yox, at verərdilər. Atam məni atının tərkinə mindirib Xəzərin (Gölcük) kənarına aparardı. Bir qayanın üstündə oturub şeir yazardı. Mən də gölə daş atar, uşaqlarla oynayardım. Soruşardım ki, ata nə edirsən? Cavab verərdi ki, heç nə oğul, şeir yazıram. Dedim nə şeiri yazırsan? Həmin vaxtlar çox balaca idim. Hələ şeirin nə olduğunu yaxşı anlamırdım. Dedi ki, oğlum uzaqda bir məmləkət var, mən ora heç vaxt gedə bilməyəcəyəm. Oranın adı Azərbaycandır. Siz ora gedəcəksiniz. Ora cənnət kimi bir yerdir. Bunu deyən kimi, hönkür-hönkür ağlamağa başladı. Bunu heç vaxt unutmaram. Bir şeiri də vardı:

Aç qoyununu, uzaqdan gəlmişəm
Yurdu çalınmış qərib bir qafqazlıyam
Zənn etmə ki, yoxsulam
Mən Baküdən ayrılalı hastayam.
Bu şeirini də həmin gölün ətrafında yazıb. Atamın şeirlərini əzbər bilirdim. Cavab verdim ki, mütləq oralara gedəcəyəm, Atam!


- Atanızın qəbri haradadır?

- Çox təəssüf ki, atamın qəbrini hələ tapa bilməmişik. Qəbirstanlığı tanıyıram. Amma həmin qəbirstanlığın indi bir hissəsi yoxdur. Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə bir heyət təşkil edib, Türkiyə göndərdilər. On beş günə yaxın atamın qəbrini axtardılar. Amma tapa bilmədilər. Onlar atamın məzarını tapıb, Şüvəlandakı heykəlinin yanına aparmaq istəyirdilər. Amma tapa bimədik. 

- Atanızı sevənlərə sözünüz?..

- Mən onlara candan, ürəkdən salamlarımı göndərirəm. Türkiyədə azərbaycanlı görən kimi, çox sevinirəm. Bakını çox sevirəm. Bütün Azərbaycanı sevirəm.


Almas İldırımın nəvəsi İldırım Rutil Almas

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?