Seriala baxıb evdən qaçan qadınlar
Müəllif yazıları | 06.01.2017 16:06
60

Seriala baxıb evdən qaçan qadınlar

Sevda Sultanova

Bu hadisəni bir neçə il əvvəl danışıblar. Azərbaycanın şimal rayonlarından birində baş verib. Maddi imkanları yetərli olan ailənin gəlini övladlarını, ərini tərk edərək internetdə tanış olduğu gəncə qoşularaq qaçıb. Sonra xəyal qırıqılığına uğrayan gənc qadın evinə qayıdıb.

Qadın evdən getməsini türk seriallarında gördüyü, həsəd apardığı romantik sevgi münasibətlərinin reallıqda yaşamaq istəməsi ilə izah edib. Deyib ki, öz həyatımı yaşamaq istəyirəm. Lap Qodarın Nanası kimi...

Ölkədə anonim sorğu keçirilsə, bəlli olar ki, əksər qadınların ağlının gizli qatında seriallardakı kişi qəhrəmana, münasibətlər modelinə xiffət yaşayır.

Elə kişilər arasında da sorğu aparılsa, onlar da seriallardakı - həm yataqda, həm evdarlıqda ideal olan gözəl, zərif, onları bir baxışdan, bir sözündən anlayan qadın personajların həsrətindədirlər. Serialların təklif elədiyi obrazların, həyat tərzinin, münasibətlər sisteminin tələsinə nəinki uşaqların, yeniyetmələrin, hətta yetkin insanların da bir şəkildə düşmə təhlükəsi var. Kimsə o gəlin kimi hərəkət eləməsə belə, şürunun alt qatında eyni impulslar qaynayır və necəsə, hardasa, hansısa fikirdə, davranışda üzə çıxır.

İstəklərin kökünü cəmiyyətdə fərdələrə çeşidli seçim fürsətlərin təklif edilməməsinə və bu səbəbdən özlərini ifadə edə bilməməyinə də bağlamaq olar.

Amma istənilən halda kobud gerçəkliyi fərqli aspektlərdən (sosial, psixoxoloji, iqtisadi, mədəni səviyyə və s) araşdırmaq, cavab tapmaq üçün ayrıca insititutlara ehtiyac var, dövlət də bunun qayğısına qalmalıdır.

Demək istədiyim başqadır. Bir qayda olaraq, seriallara “beyin üçün saqqız” (beyinə istirahət) məqsədilə baxıram. Həyəcanlarına, yaşantılarına takılmıram. Çünki istər-istəməz illüzioner dünyada baş verənlərin böyük yalan olduğu informasiyası seyretmə boyu məni tərk eləmir.

Bu aralar “Cəsur və gözəl” serialını izləyirəm. Doğrusu, hər bölümü tam izləməyə həvəsim olmadağından hansısa kadrları ötürə-ötürə baxıram.

Serialı izləyəndə özümü onda tutdum ki, Cəsurdan bir xarakter olaraq təsirlənmşəm.

Cəsur xarakter etibarilə güclüdür, özgüvənlidir, niyyəti qisas olsa da, qadınlarla haqq-hesab çürütmür, təmkinlidir, qayğıkeşdir, ən çox xoşuma gələn cəhəti də sevdiyi qadını sevərək, yumorla “sındırmasıdır” və ya belə desək, tərki-silah eləməsidir (Ümumiyyətlə, qadını sevərək, incə yumoruyla “sındıran”, özgüvənli kişilər mənə həmişə maraqlı olub, amma təəssüf ki, təcrübəmdə rastlamamışam, elə ekranlarda gördüyümdür). Hərçənd, seriallarda Cəsur kimi ideal kişi obarzı ənənəvidir, klassikləşib.

Sadəcə, məsələ başqadır. Cəsurun timsalında ilk dəfə fərq elədim ki, bu tip kişilər qadınları ona görə çəkir ki, onlar bütün yükü eyni zamanda ləyaqətlə daşıya bilir, məsuliyyətdən qaçmır, problemin üstünə gedir. Yəni həm ailəni, həm işini, həm öz haqq-hesablarını, həm qadına sevgisini, həm ideyasını, həm prinsiplərini daşıya bilir. Sevgisini, nifətini, enerjisini düzgün, ideal ölçüdə paylaşır.

Adam var, şəxsi həyatı uğurludur, amma peşəsiylə, cəmiyyətlə dil tapa bilmir və ya əksinə. 

Məsələn, siz gerçəkdə neçə belə kişi tanıyırsız ki, özəl həyatının, işinin, peşəsinin məsuliyyətini, valideynlərinin qayğısını çəkə bilsin, qadına, övladına sevgisini həssaslıqla ifadə eləsin? Gücü yetsin buna? Şəxsiyyət kimi, kişi kimi, ailə başçısı kimi, dost kimi, sevgili kimi – hər şeydə parlaq olsun?

Belə çox az adam tanıyıram, hətta mənə elə gəlir, əslində tanımıram da. Heç bu tip obrazları oynayan aktyorlarun çoxu gerçəkdə, elə təkcə ailə yükünü çəkəcək halda deyillər, nikah şəhadətnamələrində imzaları qurumamış boşanırlar, diqqətsizlikdən, anlayışsızlıqdan gileylənirlər.

İllüzoner dünyaya qapanaraq kişidən Zevs kimi əzəmətli, qüdrətli olmağı tələb eləmək səfehlikdir. Təsəvvür edin ki, qadın ərinə deyir: Görürsən, Zevsi, dünyanı da idarə edir, hələ neçə arvad, sevgili saxlayır, sən də deyirsən, kişiyəm. Amma axtarsan, kişidən öz təsəvvüründəki idealı tələb eləyən qadının özünün nə qədər qüsuru var. 

Reallıq onunla razılaşmağı diktə eləyir, həyatını paylaşacağın insanın zəif və güclü tərəfləri ilə qəbul etmək zorundasın.

Kimsə bunu qəbul eləmirsə, başqa seçim imkanları həmişə var. Məsələn, reallığa qayıtmadan serialdakı xarakterlərə takılaraq yaşamaq. Bu da bir həyat tərzidir. Adına da eskapizm deyirlər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?