Yazılarla təkbətək
Müəllif yazıları | 13.12.2016 23:37
565

Yazılarla təkbətək

Nərgiz Nənə

Bəzi hadisələrdən sonra adam nə edəcəyini bilmir. Nə yazacağını da...

Deyək ki, özümüzü sosial şəbəkələrə atdıq. Noldu? Peşman oldunuz? Yoxsa, sadəcə boş işlərlə məşğul olduğunuz beyninizə vurdu? Mən bəzən internetdə sadəcə musiqi dinləyirəm, olmadı sevdiyim filmə 8-ci dəfə baxıram, o da olmasa, xəbərlərimlə məşğul oluram.
 
Özlərini bir qrupun, hansısa təriqətin üzvü kimi görən insanların günü-gündən monotonlaşan statuslarını oxumaq ümid dünyamın işıqlarını söndürür, getdikcə artan nifrətimi öz gözlərimlə izləmək məni dəhşətə gətirir.
 
Digər tərəfdən, ruhumuzu bəsləyən mədəniyyət, sənət kimi fəaliyyətlər də yuxarıdakılara görə, sıradan çıxır. Ləğv olunur, təxirə salınır, ağ bayraq qaldırır. Bəzən sənətkarlar, bəzən də tamaşaçılar o boş zallara getməyə çəkinir. Kinoteatrlar və teatrlar da eyni səbəblərə görə auditoriyasını itirir.
 
Bəs bizə nə qalır? Ədəbiyyat. Yaxşı, bəs insanoğlunun yaşam tərzində bu cür məhdudiyyətlər varsa, nədən yaza bilərik? Məsələ o deyil ki, hansısa tamaşanı bir dəfə gedib canlı izləyək. Məsələ sərbəst gəzmək, səgiyə getmək, hansısa kafedə dostlarla real ünsiyyətdə olmaqdır. Amma çox yaxın keçmişdə qalıb bu saydıqlarım...
 
İndi qollarımı açıb bir şey istəyəndə kitablarım orda, öz yerində olur həmişə. Mütləq deyil ki, eyni kitab olsun. Əvvəllər 2 dəfə oxuduğumuz kitabın səhifələrini vərəqləmək, alıb, amma oxuya bilmədiklərimiz, ala bilməyib tapmaq istədiyimiz minlərlə kitab səbirsizliklə yolumuzu gözləyir. Amma bəzi kitablar da hazır vəziyyətdə evimizdə qalaqlanır. Onlar da təkcə bizə zövq vermək üçün orda deyillər, həm də insanların anlaya bilmədiyimiz sirlərini həll etməyimiz üçün bizə bələdçilik edirlər.
 
İşə gedib gəlməkdən başqa işim olmasa, oxunmamış nə qədər kitabımın müxtəlif dillərdə evimdə əllərini çənələrinə qoyub məni gözlədiklərini kobud şəkildə deyə bilərəm. Oxuduqca onları sırayla düzürəm, sonra onlardan yazmaq üçün müxtəlif mövzular çıxır, hətta oxuyanda belə kitabı oradaca qoyub, sınaq yazılar belə yazmaq olur.
 
Tərcümələri heç saymıram. Mənə göndərilənlər bir qırağa, aiddiyyatı olmayan kitablardan belə məqbul hissələri çıxarıb tərcümə edə bilərəm. Şeirləri də tərcümə edə bilərəm.
 
Yazmağa da çalışaram. O var e, adama çox asan görünən hekayəciklər. Hekayə yazmaq uzaqdan şirin-şirin gülür adama, “qorxma məndən” deyir. Halbuki yaxşı yazmaq ustalıq tələb edir. Bir də, yazmaq həyatla yanaşı addımlayır. Başqa hekayələri, kitabları oxumaq qədər, həyatda da insanlarla ünsiyyət qurmağı tələb edir. Digər tərəfdən, hekayə qəhrəmanları hər nə qədər xəyali görünsələr də, mütləq tanıdığımız və hətta bizim özəlliklərimizi canlandıran surətlər ola bilər.
 
Ədəbiyyat dibsiz quyudur. Təxəyyül sonsuz səhradır. İçindən çıxmaq istəmir insan. Amma orada məhkum da olmaq istəmir. Çünki azadlıq olmasa, yerdə qalan heç bir dəyər məqbul sayılmır.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?